Dünya
ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb
ABŞ-nin 10 illik dövlət istiqrazları üzrə gəlirlilik göstəricisi 2007-ci ilin iyulundan bəri maksimum səviyyəyə qalxaraq 5.02% təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin hesabatında bildirilir. Qiymətli kağızların gəlirlilik dərəcəsinin yüksəlməsi Bab-əl-Məndəb boğazındakı gərginlik səbəbindən neft və qaz qiymətlərindəki yeni sıçrayışla eyni vaxta təsadüf edir. Sentyabrın 16-da ABŞ-nin Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsi üzrə qərar verəcəyi planlaşdırılır. Agentliyin rəqəmlərinə əsasən, sərmayədarlar 2023-cü ilin iyul ayından etibarən ilk dəfə faiz artımının olacağını ehtimal edirlər. Əgər dərəcələr sabit qalarsa, artan inflyasiya riskinə qarşı investorların sığorta alətlərinə ehtiyacı çoxalacaq və nəticədə istiqraz gəlirlilikləri bir daha yüksələcək. "BMO Capital Markets" şirkətinin təhlilçisi Veyl Hartman agentliyə verdiyi açıqlamada qeyd edib: "FES-in inflyasiyaya qarşı mübarizə aparan bir instansiya kimi öz nüfuzuna zərər vermədən uçot dərəcəsini sabit saxlaması olduqca mürəkkəb olacaq. Maliyyə bazarı həm uçot dərəcəsinin cari səviyyədə saxlanılması kimi qəfil qərara, həm də FES-in mətbuat konfransı və qrafiklərin dərin analizinə yol açacaq yüngül faiz artımına qarşı kəskin reaksiya verəcək". Nəşrin təhlilinə görə, fevral ayının sonlarında ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi münaqişədən sonra qlobal miqyasda dövlət istiqrazlarının gəlirliliyi yüksəlişə keçib. Yaxın Şərq regionundakı hərbi toqquşmalar qlobal enerji bazarında neft və təbii qaz tədarükündə kəsintilər yaradıb ki, bu da əksər dünya ölkələrində inflyasiya dalğasına təkan verib. Mənbə, gəlirliliyin artmasına təsir edən digər amil kimi texnologiya nəhənglərinin kütləvi şəkildə korporativ istiqrazlar buraxmasını göstərir. Bu şirkətlər cəlb etdikləri vəsaitləri süni intellekt və bağlı texnologiyalara yatırırlar ki, bu proses də son nəticədə dövlət istiqrazlarına olan tələbin aşağı düşməsinə gətirib çıxarır.
Mənbə
oxu.az