Siyasət

Məhkəmələrin ərazi aidiyyəti ilə bağlı qaydalar dəyişdirilir

15 Sep 2026, 14:58 3 baxış
Məhkəmələrin ərazi aidiyyəti ilə bağlı qaydalar dəyişdirilir
Mübahisəyə baxılması ərazi aidiyyəti üzrə onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə baxışı başlayana qədər məhkəmə öz təşəbbüsü ilə, yaxud inzibati məhkəmə icraatının iştirakçılarından mübahisənin birinin ərizəsi ilə ərazi aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işin ərazi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərilməsi və ya ərizənin rədd edilməsi barədə qərardad qəbul edəcək. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb Qeyd olunur ki, həmin qərardadın təqdim edildiyi gündən 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarı məhkəmə şikayət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Məhkəmə baxışı zamanı işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair ərizənin verilməsinə o halda yol verilir ki, inzibati məhkəmə icraatının iştirakçıları belə ərizənin təqdim edilməsinin məhkəmə baxışı başlayana qədər onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Mübahisəyə baxılması ərazi aidiyyəti üzrə birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. İnzibati məhkəmənin ərazi aidiyyəti ilə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad bu məcəllənin 8.6.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Bu məcəllənin 8.6.3-cü maddəsində göstərilən halda ərazi aidiyyətinin müəyyənləşdirilməsi işin göndərildiyi məhkəmənin müraciəti əsasında 10 gün müddətində yuxarı məhkəmə tərəfindən həll edilir. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müraciət daxil olduğu vaxtdan 10 gündən gec olmayan müddətdə müəyyən edilir: - səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını bilmədikdə; - birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda; - mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Bu məcəllənin 3.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılan işlərə dair ərazi aidiyyəti mübahisələri üzrə bu məcəllənin 8.2-ci maddəsində müəyyən edilmiş qaydada çıxarılmış qərardadlara kassasiya instansiyası məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Yuxarı məhkəmənin ərazi aidiyyəti ilə bağlı qərardadı işin göndərildiyi məhkəmə üçün məcburidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər