Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, müstəqil “Fərid-R” Çoxsahəli İstehsalat Firmasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 38 765,99 manat vergi borcu yaranıb.
Borc şirkətin qanuni təmsilçisi Zeynal Vidadi oğlu Zeynallı tərəfindən ödənilmədiyi üçün Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.
Məhkəmənin qərarı ilə 1994-cü il təvəllüdlü Zeynal Zeynallının ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “Fərid-R” firmasının adı 2016–2017-ci illərdə ictimaiyyət arasında böyük rezonans doğuran keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri, o cümlədən nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun cinayət işi üzrə materiallarda tender qalibi və podratçı qismində çıxış edən müəssisələrdən biri kimi keçib.