Dünya
ABŞ Səudiyyə Ərəbistanının husilərə qarşı dəstək xahişini rədd edib
ABŞ Səudiyyə Ərəbistanına husilərə ("Ənsar Allah" hərəkatı) qarşı mübarizədə havadan dəstək verməkdən imtina edib. Buna səbəb kimi Vaşinqtonun əsas diqqətini İrana yönəltməsi göstərilib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri diplomatik mənbələrinə istinadən məlumat yayıb. Məlumata əsasən, ötən həftə husilər Yəməndəki Qırmızı dəniz sahillərində irəliləyərkən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampa zəng edərək kömək istəyib. İddiaya görə, Ər-Riyadın bu xahişi rədd edilib. Vaşinqton hazırda İranla olan münaqişəyə kökləndiyi üçün bu məsələyə müdaxilə etməyə hazır olmadığını bildirib. Qəzet yazır ki, Səudiyyə Ərəbistanı cənubdan husilərin hücumu, şimaldan isə İraqdakı silahlı qruplaşmaların təhdidi ilə üz-üzə qalıb. Bundan əvvəl Ər-Riyad pilotsuz uçuş aparatlarının hücumlarından sonra Hörmüz boğazından yan keçmək üçün istifadə olunan "Şərq-Qərb" neft kəmərinin bağlandığını elan etmişdi. Bu fonda avqust ayında Səudiyyə Ərəbistanında neft hasilatı sutkada 6.2 milyon barrelə qədər azalaraq son 36 ilin minimumuna düşüb. Analitiklər yaxın vaxtlarda neft emalı zavodlarında da istehsalın azalacağını ehtimal edirlər. Nəşr qeyd edir ki, mövcud vəziyyət vəliəhd şahzadə üçün 2018-ci ildən bəri ən böyük sınaqdır. O, daha öncə krallığı Yəmən münaqişəsindən çıxarmağa cəhd etsə də, iyul ayında husilər Səudiyyə limanlarını blokadaya alıb. Ər-Riyad bu tələbləri şantaj kimi qiymətləndirir və vəziyyətin gərginləşməsi ilə yeni atəşkəs arasında seçim etməkdə çətinlik çəkir.
Mənbə
oxu.az