Dünya

ABŞ kəşfiyyatı 11 sentyabr terror aktları ilə bağlı məxfi məlumatları ictimailəşdirdi

11 Sep 2026, 23:32 2 baxış
ABŞ kəşfiyyatı 11 sentyabr terror aktları ilə bağlı məxfi məlumatları ictimailəşdirdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il 11 sentyabr terror aktları ilə bağlı məlumatlardan ibarət irihəcmli məlumat bazasını məxfilikdən çıxarıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, söhbət vaxtilə ABŞ prezidenti üçün hazırlanmış 71 kəşfiyyat məlumatının xülasəsindən gedir. Sənədlər 1998-ci ilin fevralından 2001-ci ilin sentyabrına qədər olan dövrü əhatə edir. Həmin vaxt ABŞ administrasiyasına əvvəlcə Bill Klinton, daha sonra isə Corc Buş rəhbərlik edib. Xülasələr MKİ analitiklərinin o vaxt terrorçu "Əl-Qaidə" qruplaşmasının yaratdığı təhlükə barədə anlayışlarının necə dəyişdiyini, həmçinin onun lideri Üsamə bin Ladenin fəaliyyəti və niyyətləri barədə xəbərdarlıq cəhdlərini əks etdirir. Ümumilikdə 101 səhifə ictimailəşdirilib. Sənədlər ixtisarlarla dərc olunub. Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" şəbəkəsindən olan 19 terrorçu ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini Nyu-Yorkun o vaxt ən hündür binaları olan Dünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncüsünü Vaşinqtonun ətrafındakı Pentaqon binasına yönəldiblər. Dördüncü təyyarə də ABŞ paytaxtı istiqamətində hərəkət edib, lakin Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları nəticəsində 2 977 nəfər həlak olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər