Siyasət
Bakıda Mərakeş mədəni irs həftəsi başlayıb - FOTO
Bakıda Mərakeş mədəni irs həftəsinin açılışı olub. Oxu.Az xəbər verir ki, tədbir Mərakeşin Azərbaycandakı səfirliyi və "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyası tərəfdaşlığı çərçivəsində keçirilir. Beş gün ərzində baş tutacaq mədəni irs həftəsində qonaqlar dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə Mərakeş irsinin müxtəlifliyini izləmək imkanı qazanacaqlar. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Oxu.Az-a açıqlamasında bildirib ki, İçərişəhər bir növ Bakının mədəniyyət mərkəzidir və burada daimi olaraq müxtəlif mədəni festivallar, tədbirlər keçirilir: "Proqram çərçivəsində etnik günlər təşəbbüsü ilə çıxış etmişik və müxtəlif ölkələrin, xalqların günləri təşkil olunub. Bu dəfə Mərakeş günləri təşkil olunub. Bu siyasət davam edəcək və inanırıq ki, bu tədbirıər çərçivəsində digər xalqlarla da mədəni körpülərin qurulmasına imkan yaradılır". Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan və Mərakeş xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədilə təşkil edilən tədbir Mərakeşin turizm, moda, qastronomiya, fotoqrafiya, əl işləri və digər mədəniyyət sahələrini nümayiş etdirir: "Mərakeş 12 əsrdən çox tarixi olan, fərqli sülalələrin hökmranlıq etdiyi və incəsənəti dəstəkləndiyi qədim ölkədir. Ölkələr arasında vizasız rejimin tətbiqi ilə bağlı imzalanmış saziş nəticəsində turist axını intensivləşib, qarşılıqlı səfərlər əhəmiyyətli dərəcədə artıb. Gələcəkdə də bu istiqamətdə yeni tədbirlərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bakıda Mərakeş İrsi Günlərini keçirməklə Azərbaycan və Mərakeş xalqı arasında daha çox körpülər qurmağa çalışırıq". Qeyd edək ki, Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2024-cü ilin avqustunda Mərakeş və Azərbaycan arasında vizasız rejim haqqında saziş qüvvəyə minib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az