Cəmiyyət

Əylənməyə yox, ölümə gedirik?

10 Sep 2026, 14:36 3 baxış
Əylənməyə yox, ölümə gedirik?
Kubra Məhərrəmova yazır... Rəhmətlik Mirzə Ələkbər Sabirin "Hophopnamə"sində qələmə aldığı bəzi misralar zaman-zaman qarşılaşdığımız müəyyən məsuliyyətsizlikləri görəndə istər-istəməz yadımıza düşür: Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz... Əlbəttə, dövr dəyişib. Bu gün biz də avtomobildən geniş istifadə edir, müasir əyləncə və istirahət mərkəzlərinin xidmətlərindən bəhrələnirik. Lakin təəssüf ki, bəzi fərdlərin və obyekt sahiblərinin texniki təhlükəsizlik qaydalarına elementar şəkildə riayət etməməsi xoşagəlməz hadisələrlə nəticələnir. Təbii ki, bədbəxt hadisələrdən heç kim tam sığortalanmayıb və dünyanın hər yerində bu cür risklər mövcuddur. Lakin məsələ burasındadır ki, konkret şəxslərin səhlənkarlığı ucbatından baş verən qəzalar cəmiyyətdə istirahət mərkəzlərinə qarşı müəyyən tərəddüd yaradır. İnsanlar harasa gedəndə təhlükəsizlik tədbirlərinin necə təşkil olunduğu barədə əlavə narahatlıq keçirməli olurlar. Çünki bəzi sahibkarların formal yanaşması görünən komfortun arxasında ciddi risklər gizlədə bilir. Şəkidə baş verən son faciə ilə bağlı təfərrüatlar üzə çıxdıqca görürsən ki, bunun konkret obyekt sahibinin və cavabdeh şəxslərin məsuliyyətsizliyinin nəticəsi olduğu barədə ciddi suallar yaranır. Əyləncə qurğusunun trosu qırılır və insanlar həyatını itirirlər. Məsələyə bais olanları dindirsən, bəlkə də özlərinə bəraət qazandırmağa çalışacaqlar. Amma real fakt budur ki, bəzi əyləncə mərkəzlərində təhlükəsizlik tədbirləri vicdanla deyil, "amanabənd" tətbiq olunur. Nəticədə isə insan həyatı təhlükəyə atılır. İllər əvvəl - 2013-cü ildə Nabranda yerləşən "Sunset" istirahət mərkəzində ikiyaşlı İmran Cəfərzadənin başına gələn ağır faciə də məhz konkret işçilərin və rəhbərliyin diqqətsizliyi ucbatından baş vermişdi. Hovuzun su nasosunun düzgün mühafizə olunmaması balaca bir uşağın ömürlük şikəst qalması ilə nəticələndi. Bu cür hallar haqlı olaraq sual doğurur: Əyləncə mərkəzlərində təhlükəsizlik normativlərinə əməl olunmasına nəzarət mexanizmi necə işləyir? Attraksionların texniki təhlükəsizliyi Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyət dairəsindədir. Qanunvericilik bazası və qaydalar mövcuddur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 10-cu maddəsinə görə, yoxlamaların tezliyi obyektin risk qrupundan asılı olaraq müəyyən edilir: Yüksək risk qrupu - ildə bir dəfədən çox olmayaraq; Orta risk qrupu - iki ildə bir dəfədən çox olmayaraq; Aşağı risk qrupu - üç ildə bir dəfədən çox olmayaraq. Kanat yollarına isə FHN-in müvafiq qərarı ilə təsdiqlənmiş xüsusi texniki təhlükəsizlik qaydaları tətbiq olunur. Kağız üzərində baxış jurnallarından tutmuş bütün müayinə standartlarına qədər hər şey aydın şəkildə göstərilib. Lakin əsas məsələ həmin qaydalara praktikada necə əməl olunmasıdır. Şəkidəki qəza göstərir ki, bəzi özəl obyektlərdə texniki müayinə prosesinə sırf səthi və formal yanaşılıb. Məsul şəxs texniki vəziyyətə real qiymət vermək əvəzinə, işə "onsuz da dözər" təfəkkürü ilə yanaşanda nəticə belə ağır olur. İnkişaf etmiş ölkələrin təcrübəsində bu cür obyektlərdə sığorta və maliyyə-hüquqi məsuliyyət elə yüksək olur ki, sahibkar hər bir detalın təhlükəsizliyinin təmin edilməsində şəxsən maraqlı olur. Bizdə isə bəzi sahibkarların rahatlığı və məsuliyyəti öz üzərindən atmaq vərdişi insan həyatına göstərilən diqqətsizliyi artırır. Məsələnin digər tərəfi də var: Dövlət siyasəti kiçik və orta sahibkarlığın inkişafı üçün süni maneələri aradan qaldırmağa, yoxlama təzyiqlərini azaltmağa yönəlib. Turizm və istirahət sektorunda biznesin rahat fəaliyyət göstərməsi üçün lisenziya tələbləri sadələşdirilib, dövlət qurumlarına daha çox maarifləndirici və tövsiyəedici rol verilib. Dövlətin yaratdığı bu azad və dəstəkləyici mühitdən bəzi biznes sahibləri düzgün nəticə çıxarmaq, keyfiyyəti və təhlükəsizliyi artırmaq əvəzinə, bunu sadəcə daha çox qazanc əldə etmək və təhlükəsizlik standartlarına qənaət etmək kimi başa düşürlər. Masazırdakı "Qurtuluş-93" yaşayış kompleksinin, Novxanıdakı "My Beach" və Şəkidəki istirahət mərkəzinin sahibi Məhərrəm Novruzov kimi sahibkarlar anlamalıdırlar ki, biznes azadlığı və dövlətin güzəşti məsuliyyətsizlik demək deyil. İnsanların təhlükəsizliyinə laqeyd yanaşanlar qanun qarşısında tam cavab verməlidirlər. Yazını yenə Mirzə Ələkbər Sabirin həmin məşhur misraları ilə bitirmək yerinə düşər. Çünki bu şeir məhz öz şəxsi rahatlığını cəmiyyətin təhlükəsizliyindən üstün tutan belə səhlənkar təfəkkürə tutarlı cavabdır: Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələri ilə nədir karım, Dünyavü cahan ac olur olsun, nə işim var?!
Mənbə oxu.az

Oxşar Xəbərlər