Dünya

Husilər Yəməndə strateji Əl-Moxa limanına nəzarəti ələ keçirdi

10 Sep 2026, 15:52 6 baxış
Husilər Yəməndə strateji Əl-Moxa limanına nəzarəti ələ keçirdi
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının tərəfdarları (husilər) ölkənin qərb sahilində yerləşən strateji Əl-Moxa limanını ələ keçirərək, Qırmızı dəniz sahilinin böyük bir hissəsinə nəzarəti təmin etməyə yaxınlaşıblar. Bununla belə, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri şəhərin süqutunu hələ təsdiqləmir. Oxu.Az xəbər verir ki, bu barədə hökumət ordusunun dörd hərbi nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb. Rəsmi qüvvələr husilərin irəliləyiş əldə etdiklərini və Əl-Moxa istiqamətində hərəkət etdiklərini etiraf edib. Xəbərdə bildirilib ki, mövcud gərginlik 2022-ci il atəşkəsindən sonra səngimiş Yəmən vətəndaş müharibəsinin yeni bir mərhələyə qədəm qoyması deməkdir. Bu eskalasiya Səudiyyə Ərəbistanının husilərə endirdiyi zərbələr və Ər-Riyad tərəfindən dəstəklənən Yəmən hərbçilərinin onların mövqelərinə hücum cəhdləri ilə başlayıb. Hazırda isə husilər əks-hücuma keçib və eyni vaxtda Səudiyyə Ərəbistanının neft-qaz infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirirlər. Xatırladaq ki, hələ 2014-cü ildə husilər Yəmənin paytaxtı Sənanı ələ keçirmişdilər. İndi isə onlar ölkənin şimalının böyük bir qisminə və əhalinin ən sıx məskunlaşılmış ərazilərinə nəzarət edirlər. Əl-Moxa şəhərinin strateji önəmi onun Qırmızı dənizdən Ədən körfəzinə uzanan dar keçid olan Bab əl-Məndəb boğazının yaxınlığında yerləşməsi ilə bağlıdır. Süveyş kanalı vasitəsilə Asiya və Avropa arasındakı qlobal ticarət marşrutlarından biri məhz bu sularla keçir, həmçinin neft və digər mühüm yüklər daşınır. Əgər husilər Əl-Moxanı artıq ələ keçiriblərsə və ya yaxın müddətdə şəhərə nəzarəti təmin edəcəklərsə, bu, onların Bab əl-Məndəb boğazı yaxınlığındakı Yəmən sahillərindəki mövqelərini xeyli gücləndirəcək və gəmiçiliyə təsir imkanlarını artıracaq. ABŞ və İran arasındakı münaqişə səbəbindən Hörmüz boğazında hərəkətin kəskin şəkildə pozulması fonunda yaranmış bu vəziyyət xüsusi əhəmiyyət kəsb edir. "Reuters" vurğulayır ki, hadisələrin bu cür inkişafı Fars körfəzi ölkələrindən neft ixracı üçün istifadə olunan ikinci əsas dəniz yolunu da təhlükə altına ala bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər