Cəmiyyət
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Ötən ilin sentyabr ayında fəaliyyətini müvəqqəti dayandıran Bakı-Xırdalan-Sumqayıt dəmiryol marşrutu üzrə hərəkət edən sərnişin qatarının yenidən bərpa ediləcəyi tarix hələlik məlum deyil. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəmir yolunda aparılan təmir işlərinə görə adıçəkilən sərnişin qatarının fəaliyyətinin altı aydan sonra bərpa ediləcəyi barədə məlumat yaysa da, ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) inşa etdiyi tunelin tikintisinə görə yubandığını bildirdi. Bir müddət əvvəl isə ADY artıq həmin ərazidə işlərin yekunlaşdığını və sərnişin qatarının yeni tədris ilinə qədər fəaliyyətini bərpa edəcəyini bildirib. Rəsmi məlumatda bildirilirdi ki, sentyabrın 15-dək Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarı xəttə buraxılacaq və fəaliyyəti əvvəlki qrafiklə davam edəcək. Artıq yeni tədris ilinə bir neçə gün qalıb. Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı fəaliyyətini hansı tarixdə bərpa edəcək? Məsələ ilə bağlı ADY-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi tarix hələlik məlum deyil və çox güman ki, yeni tədris ilinə qədər bu məsələ reallaşmayacaq: "Yeni tədris ilinə qədər adıçəkilən sərnişin qatarının fəaliyyətini bərpa etməsi planlaşdırılırdı. Lakin Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpası ortaya çıxdığına görə bu proses yubandı. Görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir. Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində də müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb. Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək".
Mənbə
oxu.az