Cəmiyyət
Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi
Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyət müşahidə olunur. Qeyd edək ki, körpə iyunun 27-də Sabunçu Tibb Mərkəzində 36 həftəlik hamiləlikdən sonra qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Doğuş zamanı onun çəkisi 2 kiloqram 600 qram, boyu isə 47 santimetr olub. Rəsmi açıqlamaya əsasən, körpə "çoxsaylı inkişaf qüsurları ilə" doğulub. Ana isə müalicə və müşahidə mərhələsindən sonra iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar: "Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib. Körpənin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılacaq".
Mənbə
oxu.az