İdman
Koxalski "Qarabağ"la Azərbaycan dilində vidalaşdı
"Qarabağ"dan ayrılan polşalı qapıçı Mateuş Koxalski Ağdam klubu ilə vidalaşıb. Oxu.Az xəbər verir ki, 25 yaşlı qapıçı sosial şəbəkə hesabında paylaşım edərək "Qarabağ"da keçirdiyi dövrü dəyərləndirib. Koxalski bildirib ki, Ağdam klubu ona xaricdə ilk macərasını yaşamaq və uşaqlıq arzusunu gerçəkləşdirmək imkanı verib: "‘Qarabağ" mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram. Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam. İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram". Xatırladaq ki, 2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə ilk 3-lükdə yer alıb.
Mənbə
oxu.az