Dünya

Macarıstanda konstitusiya dəyişir: Yeni hökumət islahata başlayır

07 Sep 2026, 20:00 5 baxış
Macarıstanda konstitusiya dəyişir: Yeni hökumət islahata başlayır
Macarıstan hökuməti "bütün cəmiyyətin maraqlarına cavab verəcək və heç bir siyasi qüvvənin öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə etməyəcəyi" konstitusiya layihəsi üzərində işə başlayıb. Oxu.Az M1 telekanalına istinadən xəbər verir ki, bu barədə Baş nazir Peter Madyar Macarıstan parlamentinin payız sessiyasının açılışında bildirib. "Biz Macarıstanın gələcəyi üçün ən mühüm məsələlərdən birinin - ölkədə bir daha dövləti bütün xalqa qarşı qoymağa qadir olan sistemin yaranmamasına təminatların yaradılması məsələsinin həllinə başlayırıq. Qarşıda bizi ümumi həyatımızın hüquqi təməlinə təməl daşı qoymaq vəzifəsi gözləyir. Bütün insanlarla birlikdə və bütün insanlar üçün biz elə bir konstitusiya yazacağıq ki, bundan sonra heç vaxt hansısa bir siyasi qüvvə tərəfindən öz hakimiyyətini möhkəmləndirmək məqsədilə istifadə olunmasın", - deyə baş nazir bildirib. O, daha əvvəl Macarıstanın yeni konstitusiya layihəsi üzərində işin təxminən bir il davam edəcəyini, daha sonra isə sənədin ümumxalq referendumuna çıxarılacağını bildirmişdi. Hazırda ölkədə 1949-cu il konstitusiyasını əvəz edən 2011-ci il konstitusiyası qüvvədədir. Sosialist sisteminin süqutundan sonra 1949-cu il konstitusiyasına dəyişikliklər edilmişdi. Hazırkı sənəd Viktor Orbanın əvvəlki hökuməti tərəfindən hazırlanıb və rəsmi olaraq "Əsas Qanun" adlanır. Onun preambulasında Macarıstan dövlətçiliyi üçün xristianlığın, macar dilinin və milli ənənələrin əhəmiyyəti vurğulanır. Son illərdə sənədə bir sıra dəyişikliklər, o cümlədən yalnız iki cinsin - kişi və qadının tanınması ilə bağlı müddəa əlavə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər