Maraqlı
Sürgündən məzuniyyətə: Nolanın "Odisseya"sı
Nəhayət, "Odisseya"ya baxdım. İlk hiss etdiyim budur: Nolan "Odisseya"nı ekranlaşdırmayıb, demək olar ki, öz Odisseyasını yaradıb. Əsərlə əlaqəsi əlbəttə var. Süjetin əsas dayaqları Homerdəndir. Odisseya, Penelopa, Telemak, Siklop, Kirke, Kalipso, evə qayıdış - hamısı yerindədir. Amma Nolan bunları götürüb başqa bir şey düzəldib. Xüsusilə, finalda bunu artıq gizlətmək mümkün deyil. Homer Odisseyi İtakada saxlayır, Nolan isə sanki "qardaş, sən kifayət qədər əziyyət çəkdin, get bir az məzuniyyətə çıx" deyib onu Penelopa ilə birlikdə yenidən dənizə göndərir. Matt Damon da ayrıca maraqlı seçimdir. "Interstellar"da kosmosda ilişib qalan adam, "The Martian"da Marsda tək qalan adam, "Saving Private Ryan"da xilas edilməli adam, indi isə illərlə dənizlərdə dolaşıb evinə qayıtmağa çalışan Odisseya. Adamın karyerasında artıq bir ənənə yaranıb: Matt Damon haradasa ilişib qalır, tamaşaçı da onun necə qurtulacağına baxır. Hətta "Interstellar"dan "Marslı"ya, "Er Ryanı xilas etmək"dən "Odisseya"ya baxanda Damonun üzündə qəribə bir tanışlıq yaranır. Sanki bu adam yenə haradasa itib. Sadəcə bu dəfə koordinatlarda Mars və kosmos yox, İtaka yazılıb. Ümumiyyətlə, filmdə Homerin hekayəsindən çox Nolanın Odisseyaya münasibəti maraqlıdır. Burada söhbət sadəcə evə qayıtmaqdan getmir. Müharibənin insanın içində qoyduğu dağıntıdan, günahdan, yaddaşdan və etdiklərinin nəticələrindən danışılır. Vizual tərəfə gələndə isə başqa söhbətdir. Film nəhəngdir. Bəzi səhnələrdə doğrudan da "bunu necə çəkiblər?" deyə baxırsan. Siklop səhnəsi də ayrıca maraqlıdır. Düz diqqət etdimsə, bir kadrda Odisseyanı Siklopun gözündən görürük. İlk baxışda heç nə başa düşmədim: kamera niyə birdən-birə canavarın gözünə çevrilir? Sonra düşündüm ki, bəlkə də Nolan burada bizi Odisseyanın baxışından çıxarıb Siklopun tərəfinə keçirir. Bir neçə saniyəlik olsa da, "canavar" dediyimiz varlığın da öz baxışı olduğunu göstərir. Yəni Siklopu sadəcə öldürülməli bir məxluq kimi yox, ayrıca bir varlıq kimi görməyə məcbur edir. Amma yenə də həmin kadrın qarşısında oturub "Nolan, bunu mənə izah et" demək istəyirsən. Sadəcə bir gözləntim var idi. Əgər əsərə heç toxunmamaq lazım idisə, onda anlayardım. Amma Odisseyanı məzuniyyətə belə göndərmiş adamlardır. Filmdə Odisseyanın həyat yoldaşına elçi gələnləri sanki "qara donlu kafirlər" kimi təqdim etmişdilər. Əgər strukturda dəyişiklik mümkün idisə, obrazları bir az daha dərin işləmək olardı. Film bir az xeyir və şəri kəskin qütblərdə göstərib. Dastanın özündə bu normaldır. O dövr həqiqətən incəsənət belə işləyirdi. Ancaq müasir dövrdə obrazların üzərindən belə səthi keçilməsini anlamadım. Təpəgözü belə Poseydonun oğlu kimi göstərib, sadəcə nahara 3-4 nəfər yeməyi ilə kifayətləndilər. Zendaya isə dünyanın ən rahat pulunu qazanıb. Asena kimi peyda olur, bir az baxır, bir az danışır, mistik aura yaradır və gedir. Anna Hatvey isə bəzi səhnələrdə mənə Penelopadan çox Rapunzel təsiri bağışladı. İllərlə ərini gözləyən, uzaqda qalan qadın obrazını elə vizuallaşdırıblar ki, bir anlıq Yunan mifologiyasından çıxıb nağıl dünyasına keçmiş kimi olursan. Bütün bunlara baxmayaraq, "Odisseya"dan narazı çıxmadım. Əksinə, xoşuma gəldi. Sadəcə bu filmə Homer əsərinin ekranlaşdırılması kimi baxanda çox sual yaranır. Nolan filmi kimi baxanda isə daha maraqlı olur. Çünki qarşıda Homer yoxdur. Qarşında Nolan var. Və Nolanın Odisseyası, görünür, evə qayıtmaqdan çox, evə qayıtdıqdan sonra nə edəcəyini soruşur.
Mənbə
oxu.az