İdman
Valdas Dambrauskas: "Qəzet paylamışam, pabda döşəmələri cilalamışam"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Yunayted"ə qarşı keçirəcəkləri oyun və karyerası barədə danışıb. Oxu.Az xəbər verir ki, litvalı mütəxəssis bu barədə "BBC Sport"a müsahibə verib. O, "Old Trafford"a məşqçi kimi qayıtmasının onun üçün xüsusi hiss olduğunu bildirib: "Bu, təsəvvürümün belə fövqündədir. Tuneldən keçərək meydana çıxmaq... Mən "Old Trafford"da dəfələrlə olmuşam, indi isə ora məşqçi kimi qayıdacağam". 49 yaşlı mütəxəssis 2002-ci ildə "Kim milyonçu olmaq istəyir?" verilişində qazandığı pulla bağlı son günlər artan diqqətdən də danışıb: "Bu, çox uzun müddət əvvəl olub. Artıq unudulmuş bir hekayə idi. İndi isə birdən-birə hamı bundan danışır. Hamı yalnız pul məsələsinə diqqət yetirir. Amma bəli, bu, həqiqi hekayədir. Fikrim bu idi ki, məşqçilik kurslarına gedim, lisenziya əldə edim və bəlkə də, bir gün Litvaya qayıdaraq futbol məşqçisi kimi işləməyə başlayım". Dambrauskas İngiltərədəki ilk illərində müxtəlif işlərdə çalışdığını da xatırladıb: "Bağban olmuşam, müxtəlif təmir işləri görmüşəm, qəzet paylamışam, pabda döşəmələri cilalamışam. Pərakəndə satışda, idmanın inkişafı üzrə mütəxəssis və menecer kimi də çalışmışam. İki, üç, bəzən dörd işdə işləyirdim". "Mançester Yunayted"in futbol məktəblərində işləməsini karyerasının ən mühüm hadisələrindən biri hesab edən mütəxəssis həmin şansı heç vaxt unutmayacağını deyib: "Bu, həyatımda baş verə biləcək ən yaxşı hadisə idi. Təcrübəm yox idi, amma mənə şans verdilər. "Mançester Yunayted"in futbol məktəblərində çalışarkən çox böyük şəxsiyyətlərlə bir arada oldum. İngiltərə deyəndə mənim üçün bu söz imkanlar deməkdir. Bu ölkə mənə hər şeyi verdi və bunun üçün həmişə minnətdar olacağam". "Sabah"ın Çempionlar Liqasına vəsiqə qazanmasına toxunan baş məşqçi bunu karyerasının ən böyük uğurlarından biri kimi qiymətləndirib: "Çempionlar Liqasına vəsiqə qazanmaq təsəvvürümün belə fövqündədir. Biz əvvəllər Konfrans Liqasına da, Avropa Liqasına da çıxa bilməmişdik. Heç bir turnirdə ardıcıl iki mərhələdən çox keçməmişdik. İndi isə birdən-birə buradayıq. Bu, çox çətin püşk ola bilər. Amma eyni zamanda bu, "Sabah"ın püşkü də ola bilər. Belə turnirdə oynamaq, bu komandalarla qarşılaşmaq arzusunda olursan. İndi isə özümüzü göstərməyin, bu səviyyədə mübarizə apara biləcəyimizi nümayiş etdirməyin vaxtıdır. Bizim yaxşı və ambisiyalı komandamız var. Futbolçularımız acdırlar və özlərini göstərmək istəyirlər". "Mançester Yunayted"lə qarşılaşmaya xüsusi diqqət çəkən Dambrauskas üçün bu oyun karyerasının başladığı yerə qayıdış olacaq: "Vaxtilə İngiltərədə "Mançester Yunayted" və "Arsenal" arasındakı rəqabət ən böyük derbi idi. Aleks Ferqyuson və Arsen Vengerin mübarizəsini izləyirdik. İndi isə mən Çempionlar Liqasında məşqçi kimi geri qayıdacağam və həmin himni eşidəcəyəm. Bu, həqiqətən də möhtəşəmdir". Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı sentyabrın 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə
oxu.az