Dünya
Tramp administrasiyası Yaxın Şərq üçün yeni strategiya hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı regional çəkindirmə səylərinə və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya hazırlayır. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" iki amerikalı məmura və daha iki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, plan hələ hazırlanmasının ilkin mərhələsindədir. Strategiyanın İranla müharibə başa çatdıqdan sonra ABŞ-nin Yaxın Şərqdəki siyasətini müəyyənləşdirməsi nəzərdə tutulur. Strategiyanın mümkün tərkib hissələri kimi üç əsas istiqamət nəzərdən keçirilir: - ABŞ-nin zəmanətçi rolunda çıxış edəcəyi, İranı cilovlamaq məqsədilə Vaşinqtonun müttəfiqləri arasında regional ittifaqın yaradılması; - Oktyabrın 7-dəki hücumların regional nəticələrinin aradan qaldırılmasını sürətləndirmək üçün əlaqələndirilmiş səylərin həyata keçirilməsi. Buraya Trampın Qəzza zolağı ilə bağlı planının növbəti mərhələsinin icrası, İsraillə Suriya arasında təhlükəsizlik sazişinin bağlanması və İsraillə Livan arasında əldə edilmiş razılaşmanın yerinə yetirilməsi daxildir; - İsraillə ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlərdən ibarət "İbrahim razılaşmaları"nın genişləndirilməsi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin imzalanması.
Mənbə
oxu.az