Dünya
Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb
Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb. "Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Departamenti tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində milli təhlükəsizliyimizə və sosial həmrəyliyimizə yönəlmiş, başda "Fətullahçı" Terror Təşkilatı (FETÖ) olmaqla, terror və cinayət təşkilatları ilə əlaqəli olduğu müəyyən edilən 699 sosial media hesabına dərhal giriş məhdudiyyəti tətbiq edilib. Bundan əlavə, hərtərəfli texniki araşdırmalar və rəqəmsal şəbəkələrin təhlili vasitəsilə təxribatla məşğul olan, qardaşlığımızı və ictimai asayişi hədəfə alan, dezinformasiya yayan və ölkəmizə qarşı psixoloji müharibə aparan şəxslər müəyyən olunub. Əməliyyat fəaliyyəti apardığı müəyyən edilən 1 335 sosial media hesabı barəsində aidiyyəti qurumlarla, ilk növbədə Ədliyyə və Daxili İşlər nazirlikləri ilə koordinasiyalı şəkildə zəruri hüquqi və inzibati prosedurlara başlanılıb və bu hesablara da giriş məhdudiyyəti qoyulub. Ümumilikdə, bu proses çərçivəsində 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. Bu səylər bir faktı aydın şəkildə ortaya qoyur: terror təşkilatları artıq təkcə meydanda deyil, rəqəmsal platformalarda da mütəşəkkil, koordinasiyalı və sistematik şəkildə fəaliyyət göstərirlər. Sosial şəbəkələr və rəqəmsal platformalar təbliğat, manipulyasiya, ictimai rəyi formalaşdırma əməliyyatları və dezinformasiya vasitəsilə ictimai asayişi, milli birliyi və nizamı pozmaq üçün bir alət kimi istifadə olunur. Dövlətimiz üçün rəqəmsal təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Terror təşkilatlarının sosial şəbəkələrdən və rəqəmsal platformalardan təbliğat, tərəfdar toplama, maliyyələşmə, dezinformasiya və psixoloji müharibə üçün istifadə etməsinə qətiyyən dözüm göstərməyəcəyik. Buna yol verilməyəcək", - deyə Duran vurğulayıb.
Mənbə
oxu.az