İdman

"IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO

04 Sep 2026, 16:46 5 baxış
"IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO
Sentyabrın 5-də Azərbaycan ilk dəfə "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışına ev sahibliyi edəcək. Oxu.Az xəbər verir ki, bu barədə yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat şirkəti məlumat yayıb. Məlumatda bildirilib ki, 62 ölkədən idmançıların iştirak edəcəyi yarışda iştirakçılar 1.9 kilometrlik üzgüçülük, 90 kilometrlik velosiped və 21.1 kilometrlik qaçış mərhələlərini qət edəcəklər. "IRONMAN" yarışları artıq dünyada dözümlülüyün ən məşhur və ən çətin sınaqlarından biri kimi tanınır. Tam məsafəni başa vuran idmançılar "dəmir insanlar" adlandırılır. Azərbaycanda isə bu hərəkatın tarixi nisbətən yaxın dövrə təsadüf edir. On il əvvəl, 2016-cı ildə Firdovsi Kərimov Fransanın Vişi şəhərində keçirilən tam məsafəli "IRONMAN" yarışını başa vuraraq bu uğura imza atan ilk azərbaycanlı olub. 2022-ci ildə isə Rəbiyyə Orucova tam məsafəli "IRONMAN" yarışını başa vuran ilk azərbaycanlı qadın kimi tarixə düşüb.
Maraqlıdır ki, Kərimov həmin vaxtadək peşəkar idmanla məşğul olmayıb. "IRONMAN"a hazırlığa, demək olar ki, sıfırdan başlayan Kərimov üçün yarış həyatının ən unudulmaz günlərindən birinə çevrilib. Aradan on il keçməsinə baxmayaraq, həmin günün təəssüratları hələ də onun yaddaşındadır: "Ailəmin, dostlarımın və bütün Azərbaycanın mənə göstərdiyi dəstəyi hiss edirdim. Məsafənin son 300 metrini əlimdə Azərbaycan bayrağı ilə qaçdım və finişimi doğma vətənimə həsr etdim". Kərimovun tarixi nəticəsindən sonra Azərbaycanda triatlona maraq tədricən artmağa başlayıb. Sonrakı illərdə bu idman növü ilə məşğul olanların sayı da çoxalıb. Bu il "Alufar IRONMAN 70.3 Baku" yarışında Azərbaycanı 123 iştirakçı təmsil edəcək. Qarşıdan gələn yarış Kərimov üçün də xüsusi əhəmiyyət daşıyır. O, ilk "IRONMAN" yarışından sonra belə bir yarışın bir gün öz vətənində də keçiriləcəyini arzulayıb. On il sonra həmin arzu artıq reallığa çevrilir: "Əvvəllər azərbaycanlı triatletlər "IRONMAN" startlarında öz ölkələrini təmsil etmək üçün xaricə gedirdilərsə, indi Azərbaycan özü ilk dəfə dünya seriyasının yarışına ev sahibliyi edir. Biz "IRONMAN" yarışlarında iştirak etdiyimiz hər yerdə Azərbaycan bayrağını yüksəltmişik. İndi isə Azərbaycan həmin yarışlara ev sahibliyi edən ölkələr sırasında olacaq".
2022-ci ildə Azərbaycan triatlonunun tarixində daha bir mühüm hadisə baş verib. Rəbiyyə Orucova ölkənin tam məsafəli "IRONMAN" yarışını başa vuran ilk qadın olub. Bu nailiyyətin arxasında illərlə davam edən məşqlər, böyük əzm və güclü iradə dayanıb: "Bu, mənim üçün sadəcə bir finiş deyildi, böyük əməyin, intizamın və özünə inamın nəticəsi idi. Finiş xəttini keçəndə "IRONMAN"i başa vuran ilk azərbaycanlı qadın olduğumu anlayırdım. Bu, təkcə özüm üçün deyil, həm də gözəl ölkəm Azərbaycan üçün böyük qürur anı idi". Orucovanın sözlərinə görə, məhz finişdə bir çox sərhədlərin, əslində, ilk növbədə insanın öz zehnində mövcud olduğunu dərk edib. Orucovanın tarixi finişindən dörd il sonra Bakı "Alufar IRONMAN 70.3 Baku" yarışına ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrindən idmançılar məşhur triatlon məsafəsini qət etmək üçün Azərbaycanın paytaxtına gələcəklər: "Azərbaycanın dünya triatlon xəritəsində yer almasına çox sevinirəm. Bu, idmanın inkişafı və yeni idmançıların cəlb edilməsi üçün böyük imkandır". Orucova hesab edir ki, "IRONMAN 70.3" yarışının Bakıda keçirilməsi daha çox qadını triatlona cəlb edə, onları öz güclərini sınamağa və qarşılarına yeni idman hədəfləri qoymağa ruhlandıra bilər. "Bir qadın başqa bir qadının ağır məşqlərdən, şübhələrdən və yorğunluqdan keçərək, nəhayət, "IRONMAN" finişini başa vurduğunu görəndə, özü də bunu bacara biləcəyinə inanmağa başlayır". İndi Orucovanın, eləcə də ölkənin triatlon icmasının diqqəti sentyabrın 5-nə yönəlib. İlk azərbaycanlının "IRONMAN" finişinə çatmasından on il, ilk azərbaycanlı qadının bu məsafəni qət etməsindən isə dörd il sonra Azərbaycan ilk dəfə "IRONMAN 70.3" yarışına ev sahibliyi edəcək. Qeyd edək ki, "Alufar IRONMAN 70.3 Baku" yarışı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Baku City Circuit Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
{{gallery}}
"IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO "IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO "IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO "IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO "IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO "IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO "IRONMAN" Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər