Mədəniyyət
Filmdən sonra: "Intouchables"
Turanə Hüseynli yazır... Bu dünyada bəlkə də ən çətini insan münasibətləridir. Sonsuz ehtimallar, sonsuz versiyalar... Kimin həyatımıza nə üçün girdiyini, kimin bizi dəyişəcəyini, kimin sadəcə keçib gedəcəyini əvvəlcədən bilmirik. Bəzən bizə ən yaxın olanlar bizi heç görə bilmirlər, bəzən isə heç gözləmədiyimiz biri gəlib içimizdə illərlə bağlı qalan bir qapını açır. Bəlkə də insan olaraq yaşamağın ən maraqlı tərəfi budur. Bəzən bəzi münasibətlər alışdığımız, adlandırdığımız münasibətlərin heç bir çərçivəsinə sığmır. Buna dostluq demək olar, bəlkə də yox. Bəlkə dostdan bir az yaxın, bəlkə bir az uzaq. Bəlkə də məsələ ümumiyyətlə adında deyil. Həyatımızdakı insanlara status vermək əvəzinə, onların bizə nə qədər toxunduğuna baxsaydıq, görəsən, hər şey necə görünərdi? Əvvəl-axır hamının bir-birinin həyatından getdiyi bu dünyada bəlkə də hər şeyi bu qədər ölçüb-biçməyə ehtiyac yoxdur. Kiminsə həyatımızda onillik missiyası olub, kiminsə bir il, kiminsə isə cəmi bir ay. Amma vaxtın uzunluğu həmişə təsirin dərinliyini göstərmir. Bəzən bir neçə həftədə həyatımızda elə bir iz qalır ki, illərlə tanıdığımız insanlardan daha uzun yaşayır içimizdə. Bunu anlamaq qəribə şəkildə zaman alır. Çox vaxt da ağır təcrübələrlə sabitlənir. İnsan itirir, yanılır, gözləyir, xəyal qırıqlığı yaşayır və yalnız sonra başa düşür ki, hər gələn qalmaq üçün gəlmir: bəziləri sadəcə bir qapını açmaq üçün gəlir; bəziləri hansısa tərəfimizi bizə göstərmək üçün; bəziləri baxışımızı dəyişmək üçün; bəziləri isə heç nə etmədən, sadəcə varlığı ilə həyatımızın müəyyən bir dövrünə rəng qatmaq üçün. Hadisələrə həyatın başqa üzündən baxmağa başlayanda isə rənglər həqiqətən dəyişir. Gedənlər artıq yalnız itki kimi görünmür. Bitən münasibətlər yalnız uğursuzluq kimi qalmır. Bəzən onların hamısı öz vaxtında tamamlanmış bir rol kimi görünür. İndi haqqında danışacağım filmdə sizi çox fərqli insan münasibəti hekayəsi gözləyir. "Intouchables" ("Toxunulmazlar") bizə dostluğun necə yarandığını deyil, iki insanın bir-birinə baxışını necə dəyişə bildiyini göstərir. 2011-ci ildə çəkilmiş "Intouchables" filmi ilk səhnələrdə qarşımıza sadə, hətta bir az "rahat baxımlıq", bir az da çılğın fransız komediyası kimi çıxır. Nə böyük fəlsəfə vəd edir, nə də ağır dram təsiri yaradır. Amma irəlilədikcə film qat-qat açılır və əslində iki insanın bir-birinə necə toxunduğunu göstərir. Filip ilə Dris arasındakı münasibət "biri digərini xilas edir" kimi qurulmayıb. Onlar bir-birlərinə yazıq gəlmirlər. Əksinə, biri digərinin həyatında çatışmayan şeyi gətirir: Dris Filipə yenidən risk, spontanlıq, kişi kimi görülmək və həyatın içinə qarışmaq hissini qaytarır; Filip isə Drisə ilk dəfə etibar, məsuliyyət və öz potensialına başqa gözlə baxmaq imkanı verir. Film getdikcə dostluqdan da böyük bir şeyə çevrilir: insanı onun vəziyyətindən, sosial təbəqəsindən, bədənindən, keçmişindən ayrı görə bilmək haqqında olur. K.S. Lüis "The Four Loves" ("Dörd sevgi") əsərində dostluğun çox gözəl bir başlanğıc nöqtəsini təsvir edir. Onun fikrincə, dostluq çox vaxt iki insanın bir-birinə: "Nə? Sən də? Mən elə bilirdim təkcə mən…" deməsi ilə başlayır. "Intouchables"da həmin "Sən də?" anı bir fikir və ya ortaq hobbi üzərindən yaranmır. Əslində onların ortaq cəhətləri, demək olar ki, yoxdur. Amma hər ikisinin içində başqa insanların görə bilmədiyi bir tənhalıq var. Məncə, onların "Sən də?"si məhz bu idi. Bir insanın başqa bir insan tərəfindən həqiqətən görülməsi nə böyük nemətdir - deyə düşündüm filmdən sonra. Və bu, bizim həyatımızın xilas edilməsi ehtiyacından daha güclüdür.
Mənbə
oxu.az