Dünya
Ermənistanın məhsulları Avropa bazarlarına güzəştli şərtlərlə çıxarılacaq
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda Ermənistan malları üçün müvəqqəti olaraq liberallaşdırılmış şərtlərin tətbiqinə razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətindən məlumat verilib. Sentyabrın 2-də Aİ Şurası Avropa Komissiyasının təklifini dəyişikliksiz qəbul edərək, ticarət maneələri qarşısında İrəvana dəstək olmaq və Ermənistanla Avropa İttifaqı arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə bu ölkədən idxal üçün müvəqqəti sadələşdirilmiş rejimin tətbiqini təsdiqləyib. Yeni tədbirlər Ermənistanın Aİ-yə ixracının təqribən 80, o cümlədən əvvəllər Rusiyaya göndərilən təzə meyvə, tərəvəz və bitkilərin 99 faizini, eləcə də içkilərin 91%-dən çoxunu əhatə edəcək. Söhbət idxal rüsumlarının, həmçinin tarif kvotalarının tətbiq edildiyi bəzi kənd təsərrüfatı məhsulları üzrə rüsumların müvəqqəti dayandırılmasından gedir. Liberallaşdırma iki il müddətinə qüvvədə olacaq. Bu isə məhsulların mənşəyi ilə bağlı Avropa qaydalarına riayət olunması, Aİ ilə düzgün inzibati əməkdaşlığın qurulması, İrəvanın Avropa idxalına məhdudiyyətlər qoymaqdan imtina etməsi və Hərtərəfli Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) əsas elementlərinə, o cümlədən demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət prinsiplərinə əməl edilməsi şərti ilə həyata keçirilir. Güzəştli şərtlər həmçinin hər hansı bir mal kateqoriyasının Avropa istehsalçılarının vəziyyətinə mənfi təsir göstərəcəyi təqdirdə qoruyucu tədbirləri də özündə ehtiva edir. Avropa Parlamentinin sentyabr ayında təklifi heç bir dəyişiklik etmədən təsdiqləyəcəyi və qəbul prosesinin sürətlə yekunlaşacağı gözlənilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər