Digər
Azərbaycan startapları üçün "Microsoft" və "Plug and Play" dəstəyi genişlənir
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) indiyədək 18 startapa proqrama çıxış üçün xüsusi yönləndirmə kodları təqdim edib. Uyğun startaplar "Azure" bulud kreditlərindən, "Azure AI" infrastrukturu və xidmətlərindən, "GitHub Enterprise", "LinkedIn", "Visual Studio Enterprise" platformalarından, sutka ərzində texniki dəstəkdən və "Microsoft" mühəndisləri ilə məsləhətləşmələrdən yararlana bilərlər". Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İRİA İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "Plug and Play × IDDA - Industry Challenge" innovasiya vörkşopunda deyib. O bildirib ki, "Microsoft" nümayəndələri ilə aylıq qiymətləndirmələr və mentorluq sessiyaları onların davamlı inkişafının dəstəklənməsi üçün əlavə mexanizm yaradır: "Bu təşəbbüslər startapların inkişafının iki mühüm istiqamətini əhatə edir. "Plug and Play" Azərbaycan startaplarını beynəlxalq investorlar, mentorlar, korporativ tərəfdaşlar və bazarlarla əlaqələndirir. "Microsoft" isə onların rəqabətqabiliyyətli həllər yaratmasına, sınaqdan keçirməsinə və miqyasını genişləndirməsinə kömək edən texnoloji bazanı təmin edir".
Mənbə
oxu.az