Digər
İRİA sədri: "İnfrastruktur müəssisələri innovasiyanın hərəkətverici qüvvəsinə çevrilə bilər"
"Dövlət sektoru təşkilatları problemlərin miqyasını və mürəkkəbliyini başa düşür. Startaplar çeviklik, yeni yanaşma və yeni həlləri sürətlə hazırlamaq və sınaqdan keçirmək imkanlarını təqdim edirlər. Texnologiya şirkətləri isə bu həllərin miqyasını genişləndirmək üçün tələb olunan infrastruktur və təcrübəni təmin edirlər. Beynəlxalq tərəfdaşlar yerli ekosistemi qlobal bilik, kapital və bazarlarla əlaqələndirirlər. Hökumətin məsuliyyəti isə bu aktorları bir araya gətirmək və əməkdaşlığın konkret nəticələrə çevrilə biləcəyi mühit yaratmaqdır". Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "Plug and Play × IDDA - Industry Challenge" innovasiya vörkşopunda deyib. O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC (ADY) və Bakı Metropoliteni QSC ölkə iqtisadiyyatı və vətəndaşların gündəlik həyatı üçün mühüm əhəmiyyət daşıyan infrastruktur idarə edirlər: "Konkret əməliyyat problemlərini müəyyənləşdirərək onları birgə həll yollarının axtarışına açmaqla bu təşkilatlar yalnız innovasiyanı tətbiq edən deyil, həm də innovasiyanın fəal hərəkətverici qüvvələrinə çevrilə bilərlər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "Plug and Play" tərəfindən birgə həyata keçirilən "Industry Challenge" vörkşopları həmçinin Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planının məqsədlərinə birbaşa töhfə verir. Bu Fəaliyyət Planının prioritetlərindən biri dövlətə məxsus müəssisələrin və özəl sektorun innovasiya fəaliyyətlərində iştirakını artırmaqdır. Hədəf 2027-ci ilin dekabrına qədər bu cür fəaliyyətlərdə fəal iştirak edən dövlət və özəl sektor subyektlərinin sayını 40-a çatdırmaqdır".
Mənbə
oxu.az