Cəmiyyət

Övladınızın sahə həkimini dəyişməkdə sərbəstsiniz - Qanun nə deyir? - VİDEO

02 Sep 2026, 05:00 6 baxış
Övladınızın sahə həkimini dəyişməkdə sərbəstsiniz - Qanun nə deyir? - VİDEO
Uşağın sahə həkimi (sahə pediatrı və ya ailə həkimi) dövlət tibb müəssisələrində yaşayış ünvanı üzrə uşaqlara ilkin tibbi-sanitariya yardımı göstərən, onların inkişafını və sağlamlığını nəzarətdə saxlayan əsas mütəxəssisdir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu sahə həkiminin dəyişdirilməsi ilə bağlıdır. Uşağın sahə həkimini dəyişmək olar?

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Sığortaolunanların ilkin tibbi-sanitar yardım üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası"na əsasən, sığortaolunan ailə həkimini, o cümlədən sahə həkimi-pediatrı seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Bu isə o deməkdir ki, uşağın valideyni onun təhkim olunduğu poliklinikada sahə həkimi-pediatrı dəyişmək üçün müraciət edə bilər. "Həkimi dəyişməyə icazə yoxdur" şəklində ümumi qadağa qanunda nəzərdə tutulmayıb. Burada bir məqamı fərqləndirmək lazımdır: həkimi dəyişməklə poliklinikanı dəyişmək eyni deyil. Qaydaya görə, sığortaolunan təhkim olunduğu tibb müəssisəsini öz arzusu ilə bir qayda olaraq, təhkim olunduğu gündən ən azı bir təqvim ili keçdikdən sonra dəyişə bilər. Yaşayış yeri dəyişdikdə isə bu müddət məhdudiyyəti tətbiq edilmir. Yəni valideyn eyni poliklinikada qalaraq yalnız uşağın sahə həkimi-pediatrını dəyişmək istəyirsə, bunun üçün birillik gözləmə müddəti yoxdur. Qanunvericilikdə həkimin pasiyent sayı ilə bağlı da müəyyən hədd var. Şəhər əhalisi üzrə bir sahə həkimi-pediatra 18 yaşınadək 800 nəfərdən çox sığortaolunan təhkim edilə bilməz. Buna görə seçilən pediatrın pasiyent sayı müəyyən edilmiş həddə çatıbsa, məsələ ayrıca qiymətləndirilə bilər. Lakin bu, "ümumiyyətlə həkim dəyişmək olmaz" demək deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər