Dünya
Tramp: "ABŞ Venesuelanın 65 milyard barellik neft ehtiyatına nəzarət edəcək"
ABŞ Prezidenti Donald Tramp ABŞ və Venesuela arasında "dünya tarixinin ən böyük neft sazişi" adlandırdığı razılaşmanın əldə edildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Tramp öz sosial şəbəkə hesabında yazıb. Trampın sözlərinə görə, onun göstərişi ilə ABŞ dövlət katibi Marko Rubio və hərbi katib Pit Heqset Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə birlikdə özəl şirkətlərlə tərəfdaşlıq çərçivəsində Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatının əksəriyyətinə ABŞ-nin nəzarətini təmin ediblər. ABŞ prezidentinin iddiasına görə, bu əməliyyat amerikalı vergiödəyicilər üçün heç bir xərc yaratmayacaq. Tramp bildirib ki, sövdələşmə ABŞ-nin neft ehtiyatlarını iki dəfədən çox artıracaq, ölkənin neft təchizatını əhəmiyyətli dərəcədə genişləndirəcək və uzunmüddətli perspektivdə amerikalılar üçün yanacaq qiymətlərinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacaq. O həmçinin razılaşmanın Venesuelanın iqtisadi inkişafına və ölkənin "böyük uğur və rifah" yolunda irəliləməsinə kömək edəcəyini, eləcə də ABŞ-Venesuela münasibətlərini daha da gücləndirəcəyini bildirib.
Mənbə
oxu.az