Dünya

Platini FİFA prezidenti İnfantinonu istefaya çağırıb

31 Aug 2026, 02:01 4 baxış
Platini FİFA prezidenti İnfantinonu istefaya çağırıb
UEFA-nın keçmiş prezidenti Mişel Platini bildirib ki, FİFA prezidenti Canni İnfantino istefa verməlidir, çünki o, özünün təmin etməli olduğu qaydalara əməl etmir. Oxu.Az xəbər verir ki, Platininin açıqlamasını "RMC Sport" yayıb. Daha əvvəl İnfantino dünya çempionatının keçirilməsi hüquqlarının bir hissəsini özəl investorlara satmaq istədiyi üçün UEFA-nın dəstəyini itirib. "İqtisadi məsələlər başqa şeydir. Amma düşünürəm ki, İnfantino uğursuzluğa düçar olub, çünki o, oyun qaydalarının qarantıdır və özü bu qaydalara əməl etməyib. Dünya çempionatında reklam fasilələri və finalda hissələrarası fasilənin uzadılması reqlamentdə nəzərdə tutulmayıb. ABŞ millisinin futbolçusu Folarin Balogunun qırmızı vərəqəsinin ləğvi ilə bağlı məsələ isə ən pis hadisə idi. O, qaydaların qarantıdır, amma özü onlara əməl etmir. Buna görə də istefa verməlidir", - deyə Platini bildirib. İyul ayında məlum olub ki, İnfantino FİFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək şirkət yaratmaq istəyib. Onun fikrincə, "FIFA Forward Enterprise" şirkətinin yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və bütün dünyada futbolun inkişafına töhfə verəcəkdi. FİFA bu sxemin 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlayıb. Təşəbbüs funksionerlər, futbol federasiyaları və digər təşkilatlar tərəfindən kəskin tənqid olunub. Təklifi UEFA, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) rədd edib. Daha sonra İnfantinoya Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar dəstək veriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər