Digər

Azərbaycan "ADEX 2026"da gücünü göstərəcək - VİDEO

30 Aug 2026, 21:00 5 baxış
Azərbaycan "ADEX 2026"da gücünü göstərəcək - VİDEO
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında "ADEX 2026" sərgisinin Azərbaycanın müdafiə sənayesi üçün əhəmiyyəti, milli müdafiə sənayesinin təqdimatında yeni yanaşma və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişlənməsi təhlil olunub. Bildirilib ki, 30 sentyabr-2 oktyabr tarixlərində keçiriləcək "ADEX 2026" əvvəlki sərgilərdən miqyasına görə fərqlənəcək. İlk dəfə 5-ci pavilyondan istifadə olunacaq, 20-dən çox ölkədən 200-dən artıq şirkət və 26 ölkədən 32 rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir.

Qeyd olunub ki, sərginin Azərbaycan üçün əsas yeniliyi 4-cü pavilyonun bütövlükdə milli ekspozisiyaya ayrılmasıdır. Burada dövlət qurumları, hərbi-sənaye strukturları, elmi və təhsil müəssisələri, texnologiya şirkətləri, kosmik və mina təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar vahid sistem çərçivəsində təqdim olunacaq. Vurğulanıb ki, müasir müdafiə sənayesi artıq yalnız silah, sursat və hərbi texnikanın istehsalı ilə məhdudlaşmır. Proqram təminatı, mühəndislik, süni intellekt, sensorlar, rabitə, C4ISR, radioelektron mübarizə və kibertəhlükəsizlik kimi texnologiyalar da milli müdafiə potensialının mühüm hissəsinə çevrilir. Bildirilib ki, "ADEX 2026" beynəlxalq hərbi sənaye əməkdaşlığı baxımından da diqqət çəkir. ABŞ-nin "Lockheed Martin" və "SIG SAUER" şirkətləri ilk dəfə sərgidə iştirak edəcək, Almaniyanın "Rheinmetall" şirkəti də iştirakçılar sırasında olacaq. İsrailin aerokosmik və müdafiə sənayesi şirkəti isə hava və raket müdafiəsi, radioelektron mübarizə və radar sistemləri ilə yanaşı, yerli sənayenin inkişafı və texnologiya transferini də ön plana çıxarır. Nəticə etibarilə, "ADEX 2026"da Azərbaycanın əsas mesajı yalnız yeni silah nümunələrinin nümayişi olmayacaq. Sərgi ölkənin müdafiə sənayesində istehsal, texnologiya, elm, təhsil və rəqəmsal imkanları vahid sistemdə birləşdirən daha geniş milli potensial formalaşdırdığını göstərmək baxımından əhəmiyyət daşıyacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər