Dünya
70 min miqrantdan sonra yeni böhran: Mərakeş İspaniyanın şəhərlərinə iddia edir
Rabat yay aylarında 70 mindən çox miqrantın Seutaya axınından sonra Madridə qarşı ərazi iddialarını yenidən gündəmə gətirib. Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, son miqrasiya böhranı fonunda İspaniya ilə Mərakeş arasında siyasi gərginlik artmaqda davam edir. Kral sarayında keçirilən mərasimdə Mərakeşin İslam İşləri naziri Əhməd Təvfik XV əsrdə yaşamış imamı "işğal olunmuş şəhərlərin azad edilməsi" ideyasının simvolu kimi təqdim edib. Nazir İspaniyanın muxtar şəhərləri olan Seuta və Melilyanı nəzərdə tutub. Bu ərazilərdə ümumilikdə təxminən 170 min insan yaşayır. Ötən həftə İspaniya Xarici İşlər Nazirliyi Mərakeşin ədliyyə nazirinin bu ərazilərin gələcəyinin Rabatın "tarixi hüquqları" əsasında müzakirə olunması təklifini rədd edib. İspaniyanın Baş naziri Pedro Sançesin isə seçki ərəfəsində açıq qarşıdurmadan qaçmağa çalışdığı bildirilir. Müxalifət Sançesi Mərakeşə güzəştə getməkdə sərt tənqid edir. Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo baş nazirin özünü daha çox Mərakeş təbəəsi kimi apardığını bildirib. Sağçı "Vox" partiyası isə miqrasiya böhranını "hibrid müharibə" adlandırıb. Ekspertlər hesab edirlər ki, Rabatın addımları ABŞ və İsrailə də mesaj xarakteri daşıya bilər. Bununla Mərakeş kralı VI Məhəmmədin ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərindən istifadə edərək bölgədəki təsirini nümayiş etdirdiyi ehtimal olunur. Qeyd edək ki, rəsmi Madrid Mərakeş vətəndaşlarının Seutaya qanunsuz keçidini dövlət suverenliyinə qəsd kimi qiymətləndirib. Madrid muxtar icmasının rəhbəri İzabel Dias Ayuso isə fəaliyyətsizliyinə görə Baş nazir Pedro Sançesi "xəyanətkar" adlandırıb.
Mənbə
oxu.az