Dünya
ABŞ-də ərzaq qiymətlərinin kəskin artacağı proqnozlaşdırılır - SƏBƏB
Dünya bazarında gübrə çatışmazlığı yaranacağı təqdirdə ABŞ-də ərzaq böhranı baş verə bilər. Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin "Hartland İnstitutu" analitik mərkəzinin məsləhətçisi Ceff Stayr "The Wall Street Journal" qəzetində dərc olunan köşə yazısında bildirib. "Çin, Rusiya və İran dünya gübrə bazarına nəzarət edirlər. Bu, ərzaq qiymətlərinin həddindən artıq yüksəlməsinə səbəb ola bilər", - deyə o qeyd edib. Stayr yazır ki, Ukrayna münaqişəsi, Çinin gübrə ixracını azaltması və Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan problemlər gübrə qiymətlərinin qeyri-sabitləşməsinə gətirib çıxarır. Ekspert hesab edir ki, ABŞ administrasiyası ölkə daxilində gübrə təchizatı zəncirini gücləndirməli, həmçinin neft və qaz hasilatını artırmalıdır. "Təbii qaz azot gübrələri üçün kritik əhəmiyyətli xammaldır, neft və qazın emalı zamanı isə fosfat gübrələri üçün zəruri olan əhəmiyyətli miqdarda kükürd əldə edilir. Enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi bir-birindən ayrılmazdır", - deyə o yekunlaşdırıb.
Mənbə
oxu.az