Dünya
Enerji qıtlığı İranı sərt addımlara məcbur edir: Dövlət qurumları bağlana bilər
İran Prezidenti Məsud Pezeşkian mümkün enerji balanssızlığı fonunda qış dövründə dövlət qurumlarının bir hissəsinin bağlanmasını və əməkdaşların məsafədən iş rejiminə keçirilməsini təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Asriran" məlumat yayıb. "Biz bunu hətta indi də düşünürük. Qışda bəzi hökumət ofislərini bağlayaq və fəaliyyətimizi məsafədən davam etdirək. Bu halda ən azı elektrik enerjisi, qaz və benzindən daha az istifadə olunur, nəqliyyat sıxlığı azalır. Bir çox işi məsafədən görmək mümkündür", - deyə prezident bildirib. Pezeşkian izah edib ki, əsas problem İranda əməkdaşların iş yerində məcburi səkkiz saatlıq iştirakını tələb edən köhnəlmiş qaydalardır. Onun sözlərinə görə, bu normalara yenidən baxılmalı və onlar uyğunlaşdırılmalıdır. Prezident bildirib ki, mərhum ali lider Əli Xamenei ilə də bir sıra qurumlarda ofislərin gündə cəmi iki saat açıq saxlanılması və bu müddətdə vətəndaşların problemlərinin həll edilməsi imkanını müzakirə edib. O qeyd edib ki, ABŞ və İsraillə münaqişə dövründə də ofislər bağlanmışdı və bu, insanlar üçün ciddi problemlər yaratmamışdı. "Bunu əməkdaşların maaşlarını azaltmadan edə bilərik və eyni zamanda benzin, qaz, elektrik enerjisi və digər xərcləri azalda bilərik", - deyə o bildirib. İyunda İran hökuməti fövqəladə vəziyyətlərdə əməkdaşların təhlükəsizliyini və dövlət xidmətlərinin fasiləsizliyini təmin etmək üçün qubernatorlara icra hakimiyyəti orqanlarının əməkdaşlarının işdə iştirak faizini müstəqil şəkildə müəyyənləşdirmək səlahiyyəti vermişdi. İranda artan tələbat və generasiya güclərinin çatışmazlığı səbəbindən elektrik enerjisi qıtlığı davam edir. Parlamentin Araşdırmalar Mərkəzinin qiymətləndirməsinə görə, 2026-cı ilin yayında istehlakla mövcud təklif arasındakı fərq 13,64 min MVt-a çata bilərdi. Avqustun əvvəlində İran parlamentində enerji təchizatı problemlərinin müzakirə edildiyi Enerji Komitəsinin iclası zamanı belə elektrik enerjisi kəsilib. Yaxın Şərqdəki müharibə İrandan başqa, dünyanın digər regionlarında da enerji böhranına səbəb olub. Münaqişə Yaxın Şərqin neft emalı güclərinin 20%-dən çoxunu sıradan çıxarıb.
Mənbə
oxu.az