Dünya
Çinin çip nəhəngi Pentaqonu məhkəməyə verdi
Çinin yaddaş mikrosxemləri istehsalçısı "ChangXin Memory Technologies" (CXMT) ABŞ Hərbi Nazirliyinə (Pentaqon) qarşı iddia qaldırıb. Şirkət milli hərbi sektoru dəstəkləyən təşkilatlar siyahısına daxil edilməsinə etiraz edir. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Çində yerləşən CXMT və "Yangtze Memory Technologies" (YMTC) ABŞ-nin "qara siyahı"sındadır. Pentaqon onları Çinin hərbi sektoru ilə əlaqəli strukturlar kimi təsnif edir. Məhdudiyyətlər ABŞ şirkətlərinə həmin şirkətlərə texnologiya ötürməyi və məhsulların texniki xüsusiyyətlərini onlarla müzakirə etməyi qadağan edir. Kolumbiya Dairə Məhkəməsinə təqdim edilən iddiada CXMT Pentaqonun qərarının "özbaşına" olduğunu, sübut bazasına malik olmadığını və şirkətin lazımi hüquqi prosedur hüququnu pozduğunu bildirir. İstehsalçı vurğulayır ki, onun məhsulları - DRAM çipləri - yalnız smartfonlardan və fərdi kompüterlərdən tutmuş süni intellekt sistemlərinə qədər mülki və kommersiya məqsədləri üçün nəzərdə tutulub. CXMT-nin bəyanatına görə, "hərbi şirkət" statusu ciddi reputasiya və kommersiya zərərinə səbəb olur, həmçinin dövlət müqavilələrinə məhdudiyyətlər yaradır. Şirkət daha əvvəl də bu qərara etiraz etməyə çalışıb, lakin Pentaqon mümkün istisna ilə bağlı bildirişi geri götürüb. Vaşinqton Çin fabriklərinin istehsal etdiyi çiplərin dövlət satınalmalarında istifadəsinə qadağaların tətbiqini müzakirə edir, lakin bu iqtisadi təzyiq CXMT-nin böyüməsini dayandırmayıb. Şirkət iyul ayında Çinin birjada açıq şəkildə ticarət olunan ən bahalı şirkətinə çevrilib. CXMT bir gün əvvəl altı ay ərzində 150,31 milyard yuan (22,4 milyard dollar) gəlir əldə etdiyini açıqlayıb.
Mənbə
oxu.az