Siyasət
Azərbaycanda ASC-lərdən biri ləğv edilir - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb. Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Fərman ipəkçiliyin və xalçaçılığın vahid idarəetmə əsasında inkişaf etdirilməsi, bu sahələrin iqtisadi səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, habelə milli sənətkarlıq irsinin qorunması və təbliği məqsədilə imzalanıb. Fərmana əsasən, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Bundan başqa, Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə Cəmiyyətin tabeliyinə verilir. "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır. Müəyyən edilir ki, Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir. Cəmiyyət "Azəripək" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən - sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Mənbə
oxu.az