Cəmiyyət
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisaslarla yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas kodlarını da göstərə bilərlər. Yaxın günlərdə nəşr olunacaq "Abituriyent" jurnalının 7-ci nömrəsində müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması ilə bağlı geniş məlumat təqdim ediləcək. Orta ixtisas təhsili müəssisələrində qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 5-ci nömrəsində dərc olunub.
Mənbə
oxu.az