Dünya
ABŞ-Kanada arasında gərginlik ARTIR - Tramp yeni tarifləri AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp 2027-ci il yanvarın 1-dən etibarən Kanadadan idxal edilən bütün avtomobillərə, yük maşınlarına, avtomobil ehtiyat hissələrinə və polada 50 faizlik gömrük rüsumunun tətbiq olunacağını açıqlayıb. Bu barədə Tramp avqustun 24-də "Truth Social" platformasında paylaşım edib. Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Kanada ilə ticarət məsələsində ölkənin ABŞ fermerlərinə və kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi yüksək rüsumları tənqid edib. "Kanada illərdir Birləşmiş Ştatları aldadır. Onların fermerlərimizə və kənd təsərrüfatı məhsullarımıza qoyduğu gülünc yüksək rüsumlar amerikalı vətənpərvərlərin həyatını dözülməz edib və ölkələrimiz arasında çoxdan 60 milyard dollarlıq kəsir yaradıb", - deyə Tramp bildirib. ABŞ prezidenti vurğulayıb ki, bu vəziyyətin davam etməsinə yol verilməyəcək. Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət danışıqlarının nəticəsiz qalmasından sonra Vaşinqton avqustun 22-dən Kanadanın təxminən 20 milyard dollar dəyərində olan bəzi mallarına 50 faizlik rüsum tətbiq etməyə başlayıb. Kanada da buna cavab olaraq ABŞ məhsullarına qarşı tarif tədbirləri hazırlayıb.
Mənbə
oxu.az