Cəmiyyət

Avtomobilin texniki göstəriciləri niyə vahid sistemdə qeydə alınmır? - VİDEO

22 Aug 2026, 17:20 3 baxış
Avtomobilin texniki göstəriciləri niyə vahid sistemdə qeydə alınmır? - VİDEO
Xaricdə avtomobil alarkən alıcıların ilk araşdırdığı məlumatlardan biri onun VIN kodudur. Baku TV-nin məlumatına görə, VIN kod vasitəsilə avtomobilin texniki göstəriciləri, qəzalar və bəzi hallarda texniki xidmət tarixçəsi barədə məlumat əldə etmək mümkündür. Lakin Azərbaycanda satılan bir çox avtomobildə ön şüşədəki VIN kodu müxtəlif platformalarda araşdırarkən avtomobilin keçmişi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmur. Bəs bunun səbəbi nədir? Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, əsas səbəb ölkədə vahid avtomobil tarixçəsi sisteminin olmamasıdır.

Onun fikrincə, belə bir platformanın yaradılması üçün dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir: "Çünki avtomobillərin keçirdiyi qəzalar Dövlət Yol Polisi tərəfindən qeydə alınır, sığorta hadisələri barədə məlumatlar isə sığorta şirkətlərində toplanır. Bu məlumatların vahid sistemdə birləşdirilməsi avtomobilin tam tarixçəsinin formalaşdırılmasına imkan verə bilər". Eyyub Əliyev bildirib ki, hazırda bu istiqamətdə müəyyən işlər aparılır və bir neçə özəl sektor nümayəndəsi tərəfindən dövlət qurumlarına müvafiq təkliflər təqdim olunub. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, avtomobillərin texniki göstəricilərinin gizli qalması bazardakı bəzi satıcıların maraqlarına uyğundur: "Bu gün təəssüf ki, Azərbaycanda avtomobil bazarını alverçilər idarə edirlər. İstədikləri vaxt qiymətləri qaldırır, endirir və öz maraqlarına uyğun addımlar atırlar. Təbii ki, avtomobilin tarixçəsinin açıq şəkildə görünməsi onların maraqlarına uyğun deyil".
Mənbə oxu.az

Oxşar Xəbərlər