Siyasət
Abbas Abbasov: "Belçika müstəmləkəçiliyinin qurbanlarını heç bir təzminat geri qaytara bilməz"
"XX əsrdə Belçikanın Konqo, Ruanda və Burundi ərazilərində həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində həyatını itirən insanları heç bir kompensasiya və ya təzminat geri qaytara bilməz". Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, 50 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də təzminat, kompensasiya və ədalət məsələlərini müzakirə edilir: "Fikrimcə, təzminat yalnız keçmişdə yaşanmış əzab və iztirablara görə maliyyə kompensasiyasından ibarət olmamalıdır. O, eyni zamanda müstəmləkəçiliyin davam edən irsinin və müstəmləkəçilik siyasətinin nəticəsi olaraq bu günə qədər mövcud olan problemlərin aradan qaldırılmasına kömək etməlidir. İnanıram ki, təzminatlar Konqo, Ruanda və Burundi xalqlarına bu müstəmləkəçilik irsinin öhdəsindən gəlməyə, daha güclü və daha zəngin ölkələr qurmağa kömək edə bilər. Ən əsası isə bu ölkələrin ləyaqətlə irəliləməsinə, daha yaxşı gələcək qurmasına və dünyanın digər ölkələri ilə bərabər mövqedə dayanmasına şərait yarada bilər. Yekunda imzalanacaq sənəd bu tədbirin mühüm nəticələrindən ola bilər".
Mənbə
oxu.az