Dünya
Stiv Cobsun uğurunda Mərkəzi Kəşfiyyat İdarəsinin rolu məlum olub
"Apple"ın həmtəsisçilırindən biri olan Stiv Cobsun əldə etdiyi nailiyyətlərin bir hissəsi birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəlidir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri sabiq əməkdaşı Şeron Vaynbergerin müəllifi olduğu kitaba istinadən məlumat yayıb. Məlumata görə, 1985-ci ildə idarə heyəti ilə yaşanan anlaşılmazlıqlardan sonra "Apple"ı tərk edən Cobs "NeXT" adlı yeni şirkətini təsis edib. Lakin istehsal olunan kompüterlərin qiymətinin həddindən artıq yüksək olması səbəbindən ali təhsil müəssisələrinə yönəlmiş satış strategiyası uğursuzluğa düçar oldu. Şirkəti tənəzzüldən qurtaran isə xüsusi xidmət orqanlarının irihəcmli sifarişi olub. Belə ki, MKİ təmsilçiləri "NeXT"ə müraciət edərək bir il üçün 20 min ədəd kompüter tədarük edilməsini istədilər. İstehsal həcmini artırmaq məqsədilə dövlət qurumları ilə təcrübəsi olan "Sun Microsystems" mütəxəssisləri bu işə cəlb edilib. Bildirilir ki, o zaman ABŞ-nin Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi (NRO) peyk təsvirlərinin analizi və dövlət rəhbərliyi üçün brifinqlərin təşkili məqsədilə yüksək icazəli monitorlara malik avadanlıqlara ehtiyac duyurdu. MKİ isə işçi stansiyaları daha da inkişaf etdirərək onları güclü "Motorola" prosessorları və "Intel" videokartları ilə təchiz etmişdi. Məhz bu müqavilə sayəsində "NeXT" öz fəaliyyətini qoruyub saxlaya bilmiş və sonradan "Apple"ın tərkibinə daxil olmuşdu. Qeyd olunur ki, bu hadisə Stiv Cobsun yenidən rəhbər posta qayıtmasına yol açmışdı. Bununla yanaşı, "NeXT"in əməliyyat sistemi hazırkı "Apple" qurğularının proqram təminatının təməlini qoymuşdu.
Mənbə
oxu.az