Dünya
Trampın nümayəndəsi: "İsrailin Suriyaya hücumu Türkiyə ilə münaqişə riski yaradıb"
İsrail tərəfindən İdlibdə yerləşən Suriyanın Əbu-əd-Duhur hərbi aerodromuna endirilən aviazərbələr Türkiyə ilə birbaşa hərbi toqquşma təhlükəsinə səbəb olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri, eyni zamanda, Birləşmiş Ştatlar prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barak "The Jerusalem Post" nəşrinə verdiyi müsahibədə bildirib. Avqustun 18-də Türkiyə sərhədindən təqribən 70 kilometr məsafədə yerləşən Əbu-əd-Duhur aviabazası hava hücumuna məruz qalıb. Bir qədər sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi aviahücuma görə məsuliyyəti faktiki olaraq təsdiqləyən bəyanat yayıb. Sənəddə qeyd olunub ki, Suriya Türkiyə hərbçilərinin həmin aviabazada yerləşdirilməsinə icazə verməklə status-kvonu pozmaq ərəfəsində olub. "Türkiyə Silahlı Qüvvələri İsrail təyyarələrinin məhz bu bazaya doğru irəlilədiyindən xəbərsiz idi və onların hansı tapşırığı yerinə yetirdiyini bilmirdi. Bu səbəbdən, özlərinin də təhlükə altında olduğunu düşünərək qırıcılarını havaya qaldırmaq qərarına gələ bilərdilər... Bu da İsrail və Türkiyə, eləcə də Suriya arasında sürətli eskalasiya və birbaşa hərbi toqquşma üçün real risk yaradırdı", - deyə Barak vurğulayıb. Bununla yanaşı, diplomat zərbə nəticəsində heç kimin həlak olmadığını və vəziyyətin eskalasiyaya çevrilmədiyini diqqətə çatdırıb. Xatırladaq ki, daha əvvəl ABŞ-li xüsusi nümayəndə ölkəsinin İsrail, Türkiyə və Suriya arasında baş verə biləcək hərbi insidentlərin qarşısını almaq üçün xüsusi mexanizmin yaradılması üzərində işlədiyini bəyan etmişdi.
Mənbə
oxu.az