İdman
"Tvente"nin baş məşqçisi: "Bizi "Qarabağ"la finala bərabər iki oyun gözləyir"
Bizi qarşıda "Qarabağ"la finala bərabər iki oyun gözləyir. Bu komanda mənim üçün yeni rəqib deyil. "Lex"də işləyərkən Azərbaycan təmsilçisi ilə qarşılaşmışam. Oxu.Az AZƏRTAC-a istiandla xəbər verir ki, bu sözləri Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında deyib. Mütəxəssis Ağdam klubunun son illər yüksək səviyyədə çıxış etdiyini bildirib: "Məhz bu amil "Qarabağ"ın keyfiyyətindən xəbər verir. Rəqibin heyətində fərdi bacarıqları yüksək olan xeyli sayda futbolçu var. Ehtiyatlı olmalıyıq. "Qarabağ" Cənubi Avropa və Cənubi Amerika köklərinə malik futbolçulardan qurulmuş komandadır və çox yaxşı oynayır. Topa sahib olmağa diqqət yetirir. Düşünürəm ki, bizim də şansımız var. Öz oyunumuzu göstərməliyik. Dominantlıq etməli, ev sahibi kimi oynamalıyıq. Azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanmaq istəyirik. Evdəki sərfəli nəticə gələn həftə üçün yaxşı vəziyyət yarada bilər. Ən yaxşı nəticəni əldə etmək üçün azarkeşlərimizə ehtiyacımız var". Qeyd edək ki, avqustun 20-da keçiriləcək "Tvente" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mənbə
oxu.az