Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq
Türkiyənin keçmiş nəqliyyat naziri Arif Əhməd Dənizoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda mühüm addım atılıb və onun məzarının açılmasına qərar verilib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, qərar çərçivəsində Arif Əhməd Dənizoğlunun məzarı açılacaq və ölüm səbəbi ilə bağlı yenidən məhkəmə-tibbi araşdırma aparılacaq.
Beləliklə, siyasətçinin illərdir müzakirə mövzusu olan ölümünün təbii səbəblərdən baş verib-vermədiyi, yaxud hər hansı xarici müdaxilənin olub-olmadığı elmi və məhkəmə ekspertizasının nəticələri nəzərə alınmaqla yenidən araşdırılacaq.
Xatırladaq ki, Arif Əhməd Dənizoğlu 6 sentyabr 2016-cı ildə vəfat edib. Ölümündən sonra hadisənin təbii səbəblərdən baş verdiyinə dair qiymətləndirmələrlə yanaşı, illər ərzində ölümünün şübhəli olduğuna dair iddialar da ortaya atılıb.
Dənizoğlunun ailəsi tərəfindən edilən müraciətlərdə ölümün şübhəli olduğu irəli sürülüb və hadisənin yenidən araşdırılması tələb olunub.