Kriminal
İmişlidə AĞIR QƏZA: Ölən və yaralanan var
İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Xəlilovun idarə etdiyi VAZ markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb. Qəza nəticəsində VAZ-ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb. İmişli Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki kişi avqustun 14-də saat 17:20-də RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qapalı kəllə-beyin travması, sol gözün hematoması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, cızılmış yaraları, qarının küt travması diaqnozları təyin olunub. Vəziyyəti orta ağır qiymətləndirilən 1984-cü il təvəllüdlü pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilən 1951-ci il təvəllüdlü pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və avqustun 15-də saat 00:50-də onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Mənbə
oxu.az