Kriminal
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, BMW, "Hyundai" markalı iki avtomobil, habelə "Opel", "Toyota" və KIA markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə "Opel" markalı avtomobilə, daha sonra isə yol kənarında dayanan digər avtomobillərə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda onların sayı dəqiqləşdirilir. Hadisənin başvermə səbəbi və təfərrüat araşdırılır.
Mənbə
oxu.az