Kriminal
Biləcəridə ağacları kəsdilər: Təbiətə 39 min manatdan çox ZİYAN DƏYİB
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağacların kəsilməsi nəticəsində yaşıllıqlara 39 min manatdan çox ziyan vurulub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı ağacların kəsilməsi nəticəsində təbiətə 39 240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndərilməsi hazırlanır. Eyni zamanda, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb. Həmçinin kəsilmiş ağacların yerində yeni tinglərin əkilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib. Ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə sahənin yaşıllıq ərazisi kimi nəzərə alınması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət olunub.
Mənbə
oxu.az