Dünya

Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO

10 Aug 2026, 13:08 1 baxış
Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qurumun məlumatına əsasən, iki tropik siklonun daha da şiddətləndirdiyi cənub-qərb mussonu 33 əyalətdə yarım milyondan çox insanın həyatına mənfi təsir göstərib. Şuradan, həmçinin bildirilib ki, təbii fəlakət yüzlərlə yaşayış evinə və infrastruktur obyektinə ciddi ziyan vurub. Ən ağır vəziyyət əsas Luson adasında yerləşən dağlıq Baqio bölgəsində qeydə alınıb. Yerli ictimaiyyətlə əlaqələr idarəsinin sosial şəbəkələrdə yaydığı məlumata görə, həmin ərazidə gələn sel suları bir neçə binanı uçurub, nəticədə dörd nəfər ölüb, daha altı nəfər isə itkin düşüb. Xilasedicilər günün 24 saatı fasiləsiz işləyirlər, hadisə yerinə növbəli şəkildə fəaliyyət göstərən 150-yə yaxın şəxsi heyət cəlb olunub. İtkin düşənlərin axtarış-xilasetmə əməliyyatı hazırda davam etdirilir, bununla yanaşı, fasiləsiz yağan yağışlar fonunda Baqio ərazisində daha ona yaxın torpaq sürüşməsi faktı qeydə alınıb. Prezident Ferdinand Markos dövlət qulluqçularının məsafədən iş rejiminə keçirilməsi barədə sərəncam verib. Dövlət başçısı eyni zamanda məmurlara paytaxt Manila və ondan çox digər əyalətdəki məktəblərdə distant təhsil sisteminə keçməyi tapşırıb, çünki şiddətli leysanlar şəhər küçələrini və əsas nəqliyyat yollarını su altında qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər