Dünya
Yaponiya Ədən körfəzində piratlarla mübarizə üçün yeni "P-1" təyyarəsini göndərib
Yaponiya Müdafiə Nazirliyi dəniz quldurlarına qarşı beynəlxalq əməliyyatlarda iştirak etmək məqsədilə Ədən körfəzinə ən yeni "P-1" izləmə təyyarəsini göndərib. Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb. Məlumata görə, hava gəmisi Tokionun daimi hərbi bazasının yerləşdiyi Afrikanın şimal-şərqindəki Cibuti respublikasında dislokasiya olunacaq. Yaponiyanın öz istehsalı olan "P-1" reaktiv təyyarəsi sualtı qayıqlar və suüstü gəmiləri müşahidə etmək üçün nəzərdə tutulub. O, fasiləsiz olaraq 10 saatdan çox patrul xidməti apara bilir. Yaponiya Hərbi Hava Qüvvələrinin arsenalına bu texnikalar 2013-cü ildən etibarən daxil olmağa başlayıb. Hazırda ölkənin sərəncamında bu növ 40 təyyarə, eləcə də ABŞ istehsalı olan 24 ədəd köhnə model "P-3C" mövcuddur. Tokio 2009-cu ildən etibarən Ədən körfəzində piratlara qarşı keçirilən əməliyyatlarda iştirak edir. İzləmə təyyarəsi ilə yanaşı, həmin ərazidə Yaponiya Hərbi Dəniz Qüvvələrinin esminesi də rotasiya əsasında fəaliyyət göstərir.
Mənbə
oxu.az