Dünya
Donald Tramp onu Baydendən müdafiə edən şəxsə yüksək vəzifə verdi
ABŞ Prezidenti Donald Tramp əvvəllər məhkəmə proseslərində onun maraqlarını müdafiə edən hüquqşünas Uill Şarfı özünün köməkçisi və Ağ Evin hüquq məsləhətçisi təyin etmək qərarına gəldiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Truth Social" şəbəkəsində etdiyi paylaşımda Ağ Ev lideri qeyd edib. "1 sentyabrdan etibarən Uill Şarf Ağ Evin hüquq məsləhətçisi və prezidentin köməkçisi olacaq", - deyə paylaşımda bildirilib. Məlumata görə, Şarf bu vəzifədə Devid Uorrinqtonun yerinə gələcək. Trampın sözlərinə görə, Uorrinqton fəaliyyətini özəl sektorda davam etdirəcək. ABŞ prezidenti Ağ Ev aparatının məsul katibi olan Şarfı yaxşı tanıdığını vurğulayıb. Tramp, həmçinin əlavə edib ki, ABŞ-nin 46-cı prezidenti Co Bayden administrasiyasının qanunsuz və korrupsiyalaşmış kampaniyası dövründə Şarf onun hüquqlarını bir çox proseslərdə, o cümlədən Ali Məhkəmədə müdafiə edib. Tramp Baydenin hakimiyyəti illərində siyasi motivlərlə məhkəmə təqiblərinə məruz qaldığını dəfələrlə bəyan edib. Ağ Evin hüquq məsləhətçisi ABŞ prezidentinə və onun administrasiyasına hüquqi məsələlərdə tövsiyələr verir. Bu istiqamətlərə Amerika liderinin qanun layihələrini imzalaması, əfv qərarları və ehtimal olunan maraqlar toqquşması kimi məsələlər daxildir.
Mənbə
oxu.az