Dünya
KİV: Türkiyə Ukraynaya ballistik raketlər və yaylım atəş sistemləri satıb
Türkiyə Ukraynaya ABŞ istehsalı olan 70 ədəd "M39 ATACMS" ballistik raketi və "HIMARS" sisteminin tırtıllı versiyası sayılan 12 ədəd "M270" reaktiv yaylım atəş sistemi satıb. Oxu.Az xəbər verir ki, bu barədə militarnyi.com nəşri ABŞ Konqresinin avqustun 6-da keçirilən iclasının rəsmi protokoluna istinadən məlumat yayıb. Söhbət ABŞ istehsalı silahlardan getdiyi üçün onların Türkiyə tərəfindən yenidən satılmasına ABŞ Dövlət Departamenti icazə verib. Sənəddə qeyd olunur ki, silahların ilkin dəyəri 255.9 milyon dollar olub. Ukraynanın bu silahları Türkiyədən hansı məbləğə aldığı isə açıqlanmayıb. Hesabata əsasən, Türkiyə Ukraynaya ümumilikdə 12 "M270 MLRS" qurğusu, 70 "M39 ATACMS" ballistik raketi, 2 524 ədəd "M26" kaset döyüş başlıqlı 227 millimetrlik idarəolunmayan reaktiv mərmi və 47 000 ədəd "203 millimetrlik M509A1" kasetli artilleriya mərmisi satacaq. "M270" qurğuları "ATACMS" ballistik raketlərini, eləcə də yüksək dəqiqlikli "GMLRS" reaktiv mərmilərini buraxa bilir. Sənəddə bildirilir ki, tədarüklərin silahların yenidən satışına dair Konqresdəki formal razılaşdırma prosedurları başa çatdıqdan dərhal sonra başlanması planlaşdırılır. "M39 ATACMS" raketinin maksimal uçuş məsafəsi təxminən 165 kilometrdir. Raket 560 kiloqram ağırlığında kasetli döyüş başlığı ilə təchiz olunub və 950 atəş elementi daşıyır. Bu elementlər canlı qüvvənin, zirehsiz texnikanın, hava hücumundan müdafiə vasitələrinin və digər sahə hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
Mənbə
oxu.az