Dünya
Slovakiyada hərbi poliqonda yanğın baş verib
Slovakiyanın qərbində, Senitsa şəhəri yaxınlığındakı Zaqorye hərbi poliqonunda yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" xəbər portalı məlumat yayıb. Yanğın poliqonda keçirilən "Sahara Slovakia 2026" hərbi-tarixi tədbir başa çatdıqdan sonra başlayıb. Yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən və 20-dən çox xüsusi texnika, o cümlədən helikopterlər cəlb olunub. Slovakiya Müdafiə Nazirliyi yanğınsöndürənlərə kömək məqsədilə hərbçilər və əlavə "Black Hawk" helikopterləri göndərib. Yanğının səbəbi hələ müəyyən edilməyib. Səbəbləri xüsusi ekspert komissiyası araşdıracaq. Slovakiya KİV-inin məlumatına görə, son həftələrdə ölkədə hökm sürən anomal isti hava və uzunmüddətli quraqlıq şəraitində bitki örtüyünün öz-özünə alışması ehtimal olunur. Daha sonra Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Mixal Baxrati yanğının nəzarətə alındığını bildirib. Onun sözlərinə görə, yanğınsöndürənlər üç ocağı lokallaşdırıblar və alovun yayılmaq təhlükəsi yoxdur.
Mənbə
oxu.az