Məkkə sazişi Qafqaz ölkələri ilə də imzalana bilər - Fidan
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında "Məkkə sazişi" tipli sənəd Qafqaz ölkələri ilə də imzalana bilər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün də bənzər strateji mövqeyi var", - H.Fidan bildirib.
Onun fikrincə, Türkiyə bu tip əməkdaşlıqlar qurmaqla, dünyanın bütün hissələrinə diplomatik təsir gücünə malik yeganə NATO üzvünə çevrilir.
"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər", - H.Fidan bildirib.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında "Məkkə sazişi"ni imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.