Dünya

İtaliyada zəlzələ təhlükəsi ilə əlaqədar iki minə yaxın sakin təxliyə edildi

08 Aug 2026, 19:36 1 baxış
İtaliyada zəlzələ təhlükəsi ilə əlaqədar iki minə yaxın sakin təxliyə edildi
İtaliyanın cənubundakı Potsuoli şəhərində seysmik aktivliyin artması səbəbindən 125 binanın sakinləri təxliyə edilib. Oxu.Az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Məlumata görə, təxliyə tədbirləri 2 000-ə yaxın sakinə şamil olunub. Onların əksəriyyəti müstəqil şəkildə alternativ yaşayış yeri tapıb. Yerli hökumət orqanları isə təxminən 200 nəfərin müvəqqəti yerləşdirilməsinə kömək edib. Təxliyəyə Neapol yaxınlığında yerləşən Fleqrey sahəsində müşahidə olunan seysmik aktivlik səbəb olub. Diametri təxminən 12-14 kilometr olan bu ərazi supervulkanın krateridir. Mütəxəssislərin sözlərinə görə, bölgədə zəlzələlərin baş verməsi bradiseysm kimi tanınan təbii proseslə bağlıdır. Bu proses zamanı yer səthinin müəyyən hissəsi tədricən qalxır və ya enir. Neapol yaxınlığındakı bu geoloji ərazi təxminən 39 min il əvvəl baş vermiş nəhəng sualtı vulkan püskürməsi nəticəsində formalaşıb. Bildirilir ki, bradiseysm dəniz səviyyəsinin dəyişməsinə, nəticədə quru sahələrinin su altında qalmasına və ya düzənlik ərazilərdə gözlənilmədən təpələrin yaranmasına səbəb ola bilər. Yerli sakinlər son iki ildə seysmik aktivliyin güclənməsindən narahatdırlar. Məlumata görə, ərazidəki bir çox tikili təhlükəsizlik standartlarına cavab vermir və onların bir qismi müvafiq icazələr olmadan inşa edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər