Dünya
Paşinyan və Tramp TRIPP layihəsini müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində tikinti işlərinin başlanılması ilə bağlı mövqelərini təsdiqləyiblər. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Nikol Paşinyan və Donald Tramp telefon danışığı zamanı ötən il baş tutmuş Vaşinqton sammitinin İrəvanla Bakı arasında real sülhə gətirib çıxardığını qeyd ediblər. "Paşinyan 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən Sülh sammitinin təşkilinə və Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi Sülh Bəyannaməsini şahid qismində imzalamasına görə Trampa təşəkkür edib, sülhün bərqərar olmasında Prezident Trampın şəxsi səylərinin həlledici əhəmiyyətini vurğulayıb", - deyə məlumatda bildirilib. Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.
Mənbə
oxu.az