Dünya

Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq

08 Aug 2026, 11:44 2 baxış
Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, əgər gəmilərin Rusiya ilə əlaqəsi yoxdursa, Ukraynanın sanksiyaları altında deyilsə və Rusiya yükü daşımırsa, rəsmi Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və terminala gələn gəmilərə hücum etməkdən çəkinəcək. Agentlik qeyd edir ki, Ukrayna bu öhdəliyi ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra qəbul edib. Bundan əvvəl "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə üçüncü ölkələrin gəmilərini və neft infrastrukturunu vurmamaq barədə xəbərdarlıq edib. Qəzetin yazdığına görə, "Chevron" şirkətinin rəhbəri Mayk Virt Ağ Ev rəsmiləri ilə müzakirələr zamanı Ukrayna zərbələrinin dolayı zərərləri məsələsinə toxunub. Qeyd edək ki, sözügedən Amerika şirkəti Xəzər Boru Kəməri Konsorsiumunda 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasına xüsusi önəm verir. Konsorsium bundan əvvəl də Qara dənizdəki terminalı ətrafında tankerlərə PUA hücumlarının olması barədə dəfələrlə məlumat verib. Sözügedən ittifaqın neft kəməri sistemi Xəzər dənizi regionundan dünya bazarlarına neftin nəqli üçün ən böyük marşrut hesab olunur. Uzunluğu 1.5 min kilometr olan əsas magistral boru kəməri Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahili ilə birləşdirir və burada neft konsorsiumun dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.
Mənbə oxu.az

Oxşar Xəbərlər